Milli qurtuluş-Böyük xilaskarın qayıdışı

Hər bir millətin tarixində olduğu kimi Azərbaycan xalqının tarixində də, həlledici hadisələr mövcuddur və bu hadisələr xalqımızın, dövlətimizin bugünədək olan keçmişini, bu gününü və gələcəyini müəyyənləşməsində böyük və danılmaz faktorlar kimi qəbul olunmalıdır. Belə hadisələrdən biridə xalqımızın tarixinə qızıl hərflərlə yazılmış olan 15 iyun Milli Qurtuluş günümüzdür.
Bu tarixi yaradan Azərbaycanın gələcəyində, müstəqilliyində, inkişafında mühüm rol oynayan ulu öndər Heydər Əliyevdir.
Belə ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyev idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradaraq, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıldı. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb.
Bugün milli qurtuluş ideyasının təntənəsi müstəqilliyə respublikamızın davamlı inkişafında özünü açıq şəkildə göstərir və ölkə başçısı cənab İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.
Müstəqilliyin bərpasından sonra məhkəmə-hüquq və bütövlükdə ədliyyə sisteminin təkmilləşməsi bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə bütün sahələrdə geniş vüsət alan islahatlar ədliyyə və məhkəmə orqanlarını da tam şəkildə əhatə edib. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, daha sonra Hüquqi İslahat Komissiyasının yaradılması və səmərəli fəaliyyəti, qısa müddətdə məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbulu ölkədə ədliyyə sisteminin sürətli inkişafına zəmin yaradıb, Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılaraq, nazirliyi dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan biri etdi.

Sonda Azərbaycan xalqını 15 iyun Milli Qurtuluş günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Xalqımıza əmin-amanlıq, dövlətimizə əbədi müstəqillik arzulayıram.

Vüsal Alıyev

Bərdə regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi,  

I dərəcəli ədliyyə qulluqçusu